Kaş biz də elə öləydik... | 20 yanvar hekayələri

  Kaş biz də elə öləydik...    | 20 yanvar hekayələri
  20 Yanvar 2023    Oxunub:2953
AzVision.az yazıçı-publisist Rafiq Səməndərin 1990-cı ildə dərc olunmuş “Şəhidlər” kitabından “Boş qəbir” adlı hekayəni təqdim edir.

- Salam, Xudu dayı!
- Əleykiməsalam!
- Fəxrəddindən yazmağa gəlmişəm.
- Nəyindən yazacaqsan onun?
- Atasısan, nəyi desən, onu da yazaram.
- Odey... Biləcəridəki boş qəbirdən yaz... Qazmışdıq... Saxladıq.


***

Biləcəri qəbiristanlığına sarı bir cavan mafə yeriyirdi. Asta-asta, aramla... molla qabaqda... mafə də ardınca... Bütün qohum-qardaş, tanış-biliş, qohum-qonşu da mafənin ardınca qəbiristanlığa sarı yeriyirdi. Mafənin ağırlığından mollanın ağzında sözü, camaatınsa beli əyilmişdi. Lap uzaqdan da bir gəlin naləsi. Yana-yana deyirdi: “Məni qoyub hara gedirsən?”

Neçə gün idi ki, Biləcəri qəbiristanlığının darvazası açıq, ölüləri ayaq üstə idi. Beş-on qəbir o yana şəhərə gedən iri asfalt yol keçir... Gecəynən bu yoldan bağıra-bağıra, böyürə-böyürə gedən tankların səsinə ayılandı bu ölülər. Tankların bağırtısından ölülərdə də ürək-göbək qalmayıb... Körpəcə, cavanca ölülər o gecə səs-küyə yer altda öz qəbirlərindən çıxıb, qorxudan qoca ölülərə sığınıb. Keçən əsrdə ölən əmilərin, babaların qucağına atılıb. Yerin altında da yerin üstündəkilərdən qorxub nəvə ölülər, baba ölülərdən pıçıltıynan soruşub:
- Ölü baba, nə hay-küydü, səs-küydü yerin üstündə?
Sağ Qolun faciəsi | 20 yanvar hekayələri

Babanın sümükləri neçə illərdi ovulub bu torpağa qarışıb. Sümükləri neçə illərdi ot cücərdir, torpaq üyüdür. Yerin altını da bilirdi, üstünü də. Yerin altını da görmüşdü, üstünü də. Ancaq belə bir gecə keçirməmişdi, eşitməmişdi. Körpəcə ölünün əlindən tutub, cavab üçün ölü baba yer altında bir az dərində yatan babasının yanına getdi.
- Babam, bu uşaq bu gecə məni öldürəcək. Yer üstündə hay-küy, nalə, ağlaşma var. Başım çıxmır. Bəlkə sən deyəsən nədi?

Bu baba da o gecə yer üstündəki müsibətdən baş açmadı. Neçə illərdi ayağını uzadıb dincini aldığı yatağından qalxıb o da öz babasının yanına getdi.
O gecə babalar ölümü yaddan çıxarıb hamısı ayağa qalxdı. Yer altda tonqal qalayıb ətrafına toplaşdılar. Bardaş qurub əyləşdilər. Təsbeh şaqqıldatdılar. Qəlyan tüstülətdilər. Ancaq o körpəcə ölücüyəzi başa sala bilmədilər, cavabını verə bilmədilər. Bu işə mat qaldılar. Hamının ümidi o dünyadan bu dünyaya gələcək təzə ölüyə idi. Ancaq o bir söz deyə bilərdi. Ancaq o bu ölülərin nigarançılığını öldürə bilərdi.

O gecə səhərə kimi Biləcəri qəbiristanlığında ölülər yatmadı. Dözməyib başını çıxarıb qəbirlərdən baxan da oldu. Yer altında yer üstündə qalan oğul-uşaqları üçün hönkür-hönkür ağlayan da oldu, öz qəbirini göz yaşıyla dolduran da oldu. Nəhayət, yer altında bir ölü uşaq qaça-qaça böyüklərə xəbər gətirdi:
- Uraa... uraa... qəbiristanlığımıza ölü gətiriblər!!!
Yanındakı ölü əmilərdən biri uşağın qulağını burdu.
- Adam ölüyə sevinməz!
Birinci kərəydi uşaq yer altında döyülürdü. Birinci dəfəydi bu uşağa yer altında acıqlanırdılar. Birinci dəfəydi yer altında qulağı çəkilirdi. Kövrəlib ağladı uşaq:
- Eybi yoxdu... görərsən, qəbiristanlığa gələn əmilərə deyəcəyəm, gedib atama desinlər.

Qəbiristanlığa gələn əmilərin, dayıların özlərini də döymüşdülər, üstəlik balasını da öldürmüşdülər. Asta-asta qırmızı mafə, hüznlü adam axını ağır bir gəmi kimi qəbiristanlığa yan aldı. Ləngərləyə-ləngərləyə... Adamlar daşlara dəyib dayandı. Mafənin göydən yerə endirdilər. Qohum-qardaş mafəni öz çiyinlərindən götürüb torpağın çiyninə qoydu. Ağır mafənin altında təzəcə cücərən otlar, güllər qalıb əzildi. Güc-bəlayla bir qarın ac, bir qarın tox qışdan yaza çıxan qarışqaların beli sındı. Molla mafənin başı üstə dayanıb, bütün qəbiristan əhlinə - seyidlərə, yetim-yesirlərə, atasız-anasızlara, davada ölənlərə, şəhid gedənlərə, itkin düşənlərə, hamının, hamının ata-anasına dua oxudu. Halva-çörəkləri qəbirlərin üstünə düzəndən sonra ölünü götürüb qəbiristanlıqdan uzaqlaşdılar. Gəldikləri kimi də asta-asta aramla ölünü qaytarıb apardılar.

Ölülər bu işə mat qaldı. Yamacda qazılmış qəbir qalxıb ölüsünün ardınca baxdı. Boş qalmış bu cavan qəbir öz-özündən şübhələndi. “Bəlkə mən bir günah iş tutmuşam? Daş çıxıb, su sızıb məndən bəlkə???”
Boş qəbirin incidiyini görən, boş qaldığını, nigaran qaldığını görən bir ata dəstədən ayrılıb beli bükülə-bükülə, göz yaşı tökülə-tökülə qəbirə yaxınlaşdı. Təzəcə qazılmış torpağı ovuclayıb ağladı... sığallayıb, ağladı. Yazısız baş daşını qucaqlayıb qulağına ağı dedi. Göz yaşı ilə baş daşına nələr yazdı, nələr dedi onu Allah bilir. Sonra baş əyib xeylaq dinməz-söyləməz ayaq üstə durdu. Sonra çönüb ağır-ağır o da mafənin dalıyca getdi. Ölü isə öz dəstəsi ilə qəbiristanlıqdan, doğmaca qəbirindən uzaqlaşdı...
Ölülər ayağa qalxıb matdım-matdım, incik-incik onlardan uzaqlaşan bu ölünün ruhu ilə danışırdılar:
- Hə ölüb görəsən?
- Bu nə işdi? Dünya dağılır nədi?
- Harada görünüb ölü qəbiristanlıqdan geri qayıtsın?
- Yoox, bu dünyanın başında nəsə var!!!
Köhnə qəbiristanlığın köhnə darvazası cırıldaya-cırıldaya qalmışdı. O ölü uşaq da yer altdan çıxıb ağlaya-ağlaya gələnlərin dalıyca qaçmaq istədi. Bayaqkı əmi qoymadı... tutub saxladı. Sonra da əlini çıxarıb qəbrin üstündən bir halva-çörək götürüb uşağa verdi... Könlünü aldı...

Qırmızı mafə gözdən itən kimi hamı boş qalmış qəbrin başına yığışdı. Başdaşını ortaya çəkib sorğu-suala tutdu. Başdaşı da, boş qəbir də beli bükülü atadan nə eşitmişdilərsə onu nəql elədilər. “Bu gecə görünməmiş müsibət olub yer üstündə. Yer altındakı oğullardan da artıq oğullar ölüb”.
- Ölüüüb?
- Yoox... öldürüblər. Gülləylə... tırtılla!!!
- O necə ölümdü?? Bizdə belə ölən olmayıb hələ.
- Nə üstə ölüblər?
- Torpaq üstə, qeyrət üstə, namus üstə.

Ölülərin hamısı susdu. Hamısı da öz ölməklərinə peşiman oldu.
- Kaş biz də onlar kimi ölərdik.
- Görünür, o igid ölünü də bizə yaraşdırmayıblar.
- Yoox, o gecə ölənlərin hamısına bir yaraşıqlı ad veriblər. Şəhid... şəhid... Adlarına şəhərin üstündə gözəl bir xiyaban açıblar. Şəhidlər xiyabanı. O igidi də o xiyabana apardılar.
- Adı nə idi? Atasının adı nədir? Bizdə qohum-qardaşı yatır mı?
- Yatır... yatır... hamımız onun qohum-qardaşıyıq. Evi də bizdən bir az aşağıda – Biləcərinin içindədir.
- Adı nədir, bəlkə tanıyırıq?
- Adı Fəxrəddin. İsayev Fəxrəddin. Xudu oğlu. Tanımazsınız, siz bu dünyaya gələndən sonra o dünyaya gəlib. 1963-cü ildə.
- Mən eşitmişəm. Novruz bayramında anadan olub... martın 21-də. Dədəm danışıb mənə. Deyib Xudu kişinin bu bayram günü iki qızdan sonra bir oğlu olub.
- Elədir. Özündən sonra hələ bir qardaşı, bir bacısı da olub.
- Mənim kiçik qardaşımla bir məktəbə gedib. 5 nömrəliyə.
- Sonra mənim qardaşımla oxuyub 2 nömrəli məktəbdə... Biləcəridə. Çox sakit uşaq idi.
- Amma qeyrətli, namuslu oğlan idi. İki il əsgərlik çəkib. Bir şikayəti-zadı olmayıb. Maşın sürürdü. “ZİL”. Özü söküb, özü yığardı.
- Bunlar hamısı bir yana. Bizdən böyük, bizdən ağır bir dərdi qalıb. Noyabrın 4-ü kişi toyun eləyib. Gəlinini gətirməyə imkan tapmayıb. Gəlini qara geyinib, ağzında qara yaşmaq... Qaraya-qaraya ağılar, haraylar...
- Arada eşidirdik. Allah səbr versin o gəlinə.
- Şəhərdə “Qızıl Ordu” deyilən yer var.
- Eşitmişik.
- Orada bir qəzet köşkü var, orada güllələnib.
- Əcəəb ölümdü... lap əsl kişi ölümüdü!!! (Ölümə də adamın paxıllığı tutarmış)
- Bu cür ölünü gərək buraxmayaydıq.
- Allahın məsləhəti belə olub.

O gün Biləcəri qəbiristanlığındakı ölülər böyüklü-kiçikli Fəxrəddinin boş qəbirinə, yaş başdaşına başsağlığı verib hərə öz qəbirinə çəkildi. Boş qəbir isə boş qalmadı. Ora hər gün çiçək, şirin söz gətirdilər.
Boş qəbrin adı boş idi. Özü Fəxrəddinin mərd, igid adı ilə, hərəkəti ilə, qeyrəti ilə, namusu ilə dolmuşdu.

Hazırladı: Aygün Xankişiyeva


Teqlər: 20-yanvar   Şəhidlər  





Xəbər lenti